İXŞİDİLƏR – Misir, Suriya vә Fәlәstindә hakimiyyәtdә olmuş sülalә [935–969]. Sülalәnin banisi Mәhәmmәd ibn Tuğc türk sәrkәrdәsi idi. O, Abbasi xәlifәsi әr-Razi [934–940] tәrәfindәn “ixşid” (farsca اخشيد – canişin, hökmdar; tarixәn bu titul Soğd vә Fәrqanә hökmdarlarına verilirdi) titulu ilә Misir canişini tәyin olunmuşdu. Dәmәşqi, hәmçinin Suriyanın, Yәmәnin vә Hicazın böyük hissәsini әlә keçirmişdi. Bağdadın suverenliyini formal olaraq tanısa da, әslindә müstәqil idarә etmişdir. Suriyada Hәmdanilәrlә rәqabәt aparmışdır. Mәhәmmәd ibn Tuğcun ölümündәn (946) sonra onun oğulları hakimiyyәtә gәlmişdilәr (real hakimiyyәt Nubiya әsilli qul vә İ.-in qәyyumu olan vәzir Əbül-Misk Kafura mәxsus idi). Qәyyumluğu dövründә [946–966] Kafur Fatimilәr, Hәmdanilәr, Qәrmәtilәr vә nubiyalılar tәrәfindәn İ. dövlәtinә qarşı xarici tәhlükәlәri müvәffәqiyyәtlә dәf etmişdir. O, özünü elm vә incәsәnәt himayәdarı kimi göstәrmişdir; әl-Mütәnәbbi onun sarayında yaşayıb yaratmışdır. 969 ildә Fatimilәr Misir dә sonuncu ixşidi Əbül-Fәvaris Əhmәdi devirmiş, Hәmdanilәr isә ixşidi canişinlәrini Şimali Suriyadan sıxışdırıb çıxarmışdılar.










