“İXVAN ƏS-SƏFA” (اخوان الصفا ), İ x v a n ә s - s ә f a v ә X u l l a n ü l - v ә f a v ә Ə h l ü l - ә d l v ә Ə b n a ü l - h ә m d (“Saflıq qardaşları, vәfa dostları, әdalәt sahiblәri vә hәmd övladları”) – 10 әsrdә Bәsrәdә meydana gәlmiş dini-fәlsәfi vә siyasi tәşkilat. Gizli fәaliyyәt göstәrmiş “İ. әs-S.”-nın qurucularından yalnız bir neçәsinin (Zeyd ibn Rifaә, Əbu Süleyman Mәhәmmәd ibn Mәşәr әl-Mәqdisi (әl-Müqәddәsi), Əbülhәsәn Əli ibn Harun Zәncani, Əbu Əhmәd әl-Mihricani vә Əvfi) adı klassik mәnbәlәrdә çәkilir. “İ. әs-S” haqqında Əbu Hәyyan Tövhidinin “Əl-Müqabisat”ında vә Cәmalәddin Əli ibn Yusif Qiftinin “Filosoflar haqqında mәlumatları alimlәrin xәbәr vermәlәri” kitabında mәlumat var. “İ. әs-S”.-nın hazırladığı vә ancaq öz üzvlәri arasında yaydığı risalәlәr fәlsәfi dünyagörüşә әsaslanan vә dövrün bütün elmlәrini әhatә edәn ensiklopediya sәciyyәsi daşıdığından tәşkilatın üzvlәrinә bәzәn islamın ilk ensiklopedistlәri dә deyilir. Fihrist ilә birlikdә 52 risalәdәn ibarәt dördcildlik ensiklopediyada (“Rәsailü İxvanis-Sәfa”) tәrtibçilәr Pifaqor, Sokrat, Platon, Aristotel, Ptolemey vә b.-na istinad etmiş, metafizika sahәsindә neoplatonizmdәn, din fәlsәfәsindә daha çox Farabidәn tәsirlәnmiş, Qurana vә hәdisә xüsusi әhәmiyyәt vermişlәr. Dini fәlsәfә ilә tәmizlәmәk, elәcә dә elmi vә fәlsәfi biliklәri yaymaq ensiklopediyanın ümdә mәqsәdi idi. Risalәlәr riyazi-tәlimi elmlәr (14 risalә), tәbiyyat elmlәri (17 risalә), psixologiya vә әqli elmlәr (10 risalә), din vә ilahiyyat elmlәri (11 risalә) olmaqla dörd sahәni әhatә edir. “Rәsailü İxvanis-Sәfa” әrәb-müsәlman düşüncәsinә böyük tәsir göstәrmiş, ismaililikdә geniş istifadә olunmuşdur. Dörd cild şәklindә Bombey (1888), Qahirә (1928) vә Beyrutda (1957) nәşr edilmişdir. Bundan başqa, “İ. әs-S”-nın hәmin risalәlәrdәki düşüncәlәrin yekunu olan “әr-Risalәtül-camiә” (“Ümumilәşdirici risalә”) adlı әsәri dә var.
“İ. әs-S.” dinlәr arasında fәrq qoymadan insanın elmә vә yüksәk әxlaqi keyfiyyәtlәrә yiyәlәnmәklә mәnәn saflaşacağının mümkünlüyü ideyasını irәli sürmüşdür. “İ. әs-S.”-nın düşüncә sistemindә insan mәrkәzi yeri tutur. İnsanın varolma mәqsәdi özünü vә Kainatı tanıması, Yaradanı bilmәsi, әşyanın hikmәtini vә hәqiqәtini dәrketmәsidir. İnsan yalnız bunu reallaşdıra bildiyi ölçüdә mükәmmәldir. Con Lokkdan әsrlәr әvvәl “ağ lövhә” (“tabula rasa”) nәzәriyyәsini irәli sürәn “İ. әs-S.” bu mövzuda Qurana (16:78) әsaslanaraq, insanın bilgilәri anadangәlmә (fitri) deyil, sonradan qazanması fikri üzәrindә dayanmışdır; ontologiyanı neoplatonik emanasiya konsepsiyası (südur nәzәriyyәsi) ilә birlәşdirmişdir: mövcudatı Allahdan fәal ağlın, külli nәfs vә varlıq iyerarxiyasının ali pillәsi olan ilk maddәnin (“hәyula”nın) çıxması kimi şәrh etmişdir; orta mәrhәlәni “tәbiәt” vә mütlәq cisim (“ikinci maddә”) tәşkil edir; aşağı mәrhәlә göy cisimlәri, dörd ünsür, bitkilәr vә canlılardan ibarәtdir. “İ. әs-S.” neopifaqorizm üçün sәciyyәvi olan rәqәmlәrin simvolikasından geniş istifadә etmiş, mikrokosmos (insan) vә makrokosmos (Kainat) paralelizmi konsepsiyası ilә hәmfikir olmuş, bir çox әnәnәvi dini (xüsusәn esxatoloji) görüşlәri metaforik anlamda şәrh etmişdir. “İ. әs-S.” neoplatonizm vә neopifaqorizmin müsәlman alәmindә yayılmasında mühüm rol oynamış, elәcә dә orta әsrlәr latın sxolastikasına böyük tәsir göstәrmişdir.










