İKİ YÜZ İYİRMİ ÜÇÜNCÜ ATICI DİVİZİYASI – 1941 ilin oktyabrında Azәrb. SSR-dә yaradılmış diviziya. Komandirlәri, siyasi rәhbәrlәri V.P.Züvanov, A.Q.Saqitov, H.İ.Əliyev vә b. olmuşlar. 44-cü ordunun tәrkibindә olan diviziya 1942 il dekabrın 11-dә Şimali Qafqazda Mozdok әtrafında döyüşә başladı. Qısamüddәtli döyüşlәrdәn sonra 1943 ilin yanvarında Sovet Ordusunun Şimali Qafqazda ümumi әkshücumu zamanı Mozdok, Proxladnı, Georgiyevsk, Mineralnıye Vodı şәhәrlәrinin azad olunmasında iştirak etmişdir. 1943 il yanvarın ortalarında diviziya Labinsk vә Petropavlovsk yaşayış mәntәqәlәri r-nunda düşmәnin dәf edilmәsindә fәrqlәnmişdir. 1943–44 illәrdә diviziya Ukr. SSR-in cәnub rayonlarının, Kişinyov ş.-nin azad olunmasında, 57-ci ordunun tәrkibindә Yassı-Kişinyov әmәliyyatının keçirilmәsindә mәharәt göstәrmiş vә Ali Baş Komandanlığın tәşәkkürünә layiq görülmüşdür. Bolqarıstanın, Macarıstanın, Rumıniyanın vә Yuqoslaviyanın bir sıra yaşayış mәntәqәsinin düşmәndәn tәmizlәnmәsindә iştirak etmişdir. 1944 il oktyabrın 20-dә Belqradın azad edilmәsindә göstәrdiyi döyüş rәşadәtinә görә diviziyaya “Belqrad” diviziyası fәxri adı verilmişdir. 1944 ilin dekabrında Macarıstan әrazisindә fәaliyyәt göstәrәn diviziya Komar, Tata vә Budapeşt şәhәrlәrinin azad edilmәsindә fәrqlәnmişdir. 1945 ilin mart–aprel aylarında 46-cı ordunun tәrkibindә Avstriya әrazisindә vә Vyana ş. uğrundakı döyüşlәrdә fәrqlәndiyinә görә diviziya Qırmızı Bayraq ordeni ilә tәltif edilmişdi. Diviziyanın ayrı-ayrı alayları vә minlәrlә döyüşçüsü SSRİ-nin orden vә medalları ilә tәltif olunmuşdu.










