İKİNCİ ALIBƏYLİ – Azәrb. Resp. Zәngilan r-nunun Alıbәyli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 15 km şm.-ş.-dә, Hәkәri çayının sağ sahilindә, Bәrgüşad silsilәsinin әtәyindәdir. Əh. 459 (2021); işğaldan (1993, oktyabr) әvvәl heyvandarlıq, pambıqçılıq vә taxılçılıqla mәşğul olmuşdur. Orta mәktәb fәaliyyәt göstәrmişdir. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 26 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










