İKİNCİLİ CİNSİYYƏT ƏLAMƏTLƏRİ – bir cinsi digәr cinsdәn fәrqlәndirәn xüsusiyyәtlәr (birincili cinsi әlamәtlәr istisna olmaqla). Cinsi yetkinlik dövrünün başlanğıcına yaxın cinsi hormonların tәsiri ilә inkişaf edir. Hәmişәlik qalır (mәs., dişi vә erkәklәrdә bәdәnlәrinin ölçüsünә vә nisbәtlәrinә görә olan fәrq; erkәk şirlәrdә yal; bir çox dırnaqlı mәmәlilәrin erkәklәrindә buynuzlar) vә yaxud ancaq cütlәşmә mövsümü dövründә peyda olur (mәs., cütlәşmә bәzәklәri – bәzi balıqların, suda-quruda yaşayanların erkәklәrindә – böyümüş bel daraqları, parlaq rәng). İ.c.ә.-nә hәmçinin cütlәşmә davranışı (“pәrәstişkarlıq etmәk”, cinsi sәslәşmә, “yarış döyüşlәri, yuva tikmәk vә s.) da aiddir. İ.c.ә. cinsi partnyorlar cәlb etmәyә vә seçmәyә xidmәt edir, cinsiyyәt vәzilәrinin yetkinlәşmәsini vә cinsi davranışı stimullaşdırır. İnsanda İ.c.ә. bәdәnin ölçülәri vә nisbәtlәrindә, tük örtüyündә, piylәnmәdә, sәs tembrindә olan fәrqlәr, habelә qadınlarda süd vәzilәrinin inkişaf etmәsi, kişilәrdә qırtlaqda qabağa çıxan qığırdaq vә s. Bax hәmçinin Dimorfizm.










