İKİTAKTLI DAXİLİYANMA MÜHƏRRİKİ – porşenli daxiliyanma mühәrriki; iş tsikli (mühәrrikin silindrinin yanar qarışıqla vә ya hava ilә dolması, qazların sıxılması vә yanması, işlәk gediş vә qazların kәnar edilmәsi) porşenin iki gedişi (2 taktı), yaxud dirsәkli valın bir dövrü müddәtindә başa çatır. Sıxılma, yanma vә genişlәnmә proseslәri dördtaktlı daxiliyanma mühәrrikinin proseslәrinә oxşardır. İ.d.m.-nin gücü silindrinin hәcmi vә dirsәkli valının dövr sayı (fırlanma tezliyi) eyni olan dördtaktlı daxiliyanma mühәrrikindәn nәzәri cәhәtdәn iki dәfә çoxdur (işlәk gedişlәrin sayı çox olduğundan). Amma işlәk hәcmin bir hissәsinin itirilmәsi mühәrrikin gücünün praktiki olaraq, ancaq 1,5–1,7 dәfә artmasına sәbәb olur. İkitaktlı mühәrrikin üstünlüyü, hәmçinin burucu momentin müntәzәmliyinin daha çox olmasıdır, yәni dirsәkli valın hәr bir dövrü müddәtindә tam iş tsikli yerinә yetirilir. Dördtaktlı daxiliyanma mühәrriki ilә müqayisәdә mühüm nöqsanlardan biri qaz mübadilәsi prosesindә qazın ayrılma müddәtinin azlığıdır. İ.d.m.-nin gücü qaz mübadilәsinin tәkmil olmaması, üfürmә pәncәrәsinin olmasına görә porşenin faydalı gediş hissәsinin itirilmәsi vә s. sәbәblәrdәn dördtaktlı mühәrrikdәn az olur. İ.d.m.-ndә porşen qrupu termiki tәsirlәrә daha çox mәruz qaldığından mühәrrikin etibarlılığı azalır. Bu sәbәbdәn yüngül yanacaqla işlәyәn azgüclü İ.d.m.-lәri (motosiklet, motorlu qayıq vә s. üçün) istehsal olunur.










