İKONA ƏLEYHDARLARI HƏRƏKATI (yun. είκονομαχία) – 8–9 әsrlәr Bizansında ikonaların müqәddәslik statusunun vә onlara kilsә tәrәfindәn pәrәstiş göstәrilmәsinin inkarına әsaslanan dini-siyasi hәrәkat.
İkona әleyhdarları Əhdi-Ətiqdә pәrәstiş naminә insan tәsvirlәrinin yaradılmasına qoyulmuş qadağaya istinad edirdilәr. 8 әsrin әvvәllәrindә Kiçik Asiyanın bәzi yepiskoplarının (Konstantin Nakoliyalı, Foma Klav diopollu) ikonalara pәrәstişin әleyhinә çıxmaqları ilә xristianlıqda insan tәsvirinin yaradılmasının mümkünlüyü haqqında mәsәlә xüsusilә aktuallaşdı. 726 ildә imperator III Lev İsavr ikonaların ictimai yerlәrdәn yığışdırılmasına dair sәrәncam verdi. 730 ildә İ.ә.h.-nın doktrinasını qәbul etmәdiyinә görә patriarx German Konstantinopollu vәzifәsindәn uzaqlaşdırıldı. Kilsәlәrdә ikonaların mәhv edilmәsinә başlanıldı.
741–43 illәrdә Bizansda baş vermiş vәtәndaş müharibәsi gedişindә taxt-tacanamizәd olan Artavazd ikona tәrәfdarlarını, V Konstantin Kopronim isә İ.ә.h.-nı dәstәklәyirdi. Mübarizә nәticәsindә ikona әleyh darlığı Bizans imperiyasının rәsmi doktrinasına çevrildi. Roma katolik kilsәsi İ.ә.h.-na qarşı çıxış etdi vә bununla da Roma ilә Konstantinopol arasındakı kilsәlәrarası әlaqәyә son qoyuldu.
754 ildә İyeriyada (Konstantinopol yaxınlığında) çağırılan kilsә mәclisi ikonalara pәrәstişi bütpәrәstlik kimi pislәdi. Yevxaristiya mәrasimindә istifadә olunan çörәk vә şәrab Mәsihin yeganә kilsә obrazı kimi tanındı. İkonalara pәrәstiş pislәnsә dә, müqәddәslәrin cәsәdlәrinә vә tәbәrrüklәrinә pәrәstiş olunmasına icazә verildi. 760-cı illәrdә Konstantinopolda ikonaya pәrәstiş tәrәfdarlarını dәstәklәyәn bir çox monastır bağlandı, repressiyalar daha da güclәndi. 768/69 illәrdә Konstantinopolda Müq. Sofiya kilsәsinin saxlanclarından bütün ikonalar çıxarıldı. İ.ә.h. ikonaya pәrәstiş edәn rahiblәrin imperiya mәrkәzindәn ucqar vilayәtlәrә, o cümlәdәn Cәnubi İtaliyaya, Kappadokiyaya (indiki Türkiyә әrazisi), Krıma kütlәvi köçü ilә nәticәlәndi. İkona ilә mübarizә әhvali-ruhiyyәsi orduda da geniş yayıldı. İmperator V Konstantinin ölümündәn sonra İ.ә.h.-nın intensivliyi zәiflәdi. Lakin IV Lev Xәzәrlinin hökmranlığı dövründә bir qrup mәmur ikonaya pәrәstiş ittihamı ilә edam edildi. Azyaşlı imperator VI Konstantin vә onun anası İrinanın hökmranlığı zamanı isә Bizans hakimiyyәtinin mövqeyi kәskin dәyişdi. 786 ildә patriarx Tarasi Konstantinopollunun rәhbәrliyi altında İ.ә.h.-nı pislәmәk üçün kilsә mәclisi çağırılsa da, hәrbçilәr tәdbirin keçirilmәsinә yol vermәdilәr. 787 ildә üsyançı hәrbi dәstәlәrin lәğvindәn sonra Nikeyada 7-ci Ümumdünya kilsә mәclisi açıldı. O, ikona әleyhdarlığını qınadı vә ikonaya pәrәstiş doktrinasını tәsbit etdi. Allahın tәcәssümü vә insanilәşmәsi tәlimi, hәmçinin bir çox predmetlәrә, o cümlәdәn ikonalara şamil edilәn pәrәstiş (προσκύνησς) ilә yalnız Allaha aid olan ibadәt (λατρεία) arasında dәqiq fәrqlәndirmә bu doktrinanın ehkam әsası idi.
8 әsrin sonu – 9 әsrin әvvәllәrindә İ.ә.h. yenidәn öz mövqeyini bәrpa etsә dә, imperator Feofilin әrәblәrlә müharibәdә mәğlubiyyәtә uğraması (838) hәrәkatın hәrbi dairәlәrdәki nüfuzuna son qoydu vә imperatorun ölümündәn sonra onun dul arvadı Feodora azyaşlı imperator III Mixailin dövründә hökmranlıq edәrkәn 843 ildә ikonaya pәrәstişi qәti olaraq bәrpa etdi. Konstantinopolda keçirilmiş yerli kilsә mәclisi 7-ci Ümumdünya kilsә mәclisinin qәrarlarını tәsdiqlәdi vә ikonaya pәrәstiş tәrәfdarı olan Mefodi Konstantinopollunu yeni patriarx seçdi.
İncәsәnәt vә kilsә dekorasiyası sahәsindә ikona әleyhdarlığı ardıcılları Mәsihin rәmzi kimi xaç tәsvirindәn istifadә edirdilәr. Mәbәdlәr vә әlyazmalar sәmavi sәltәnәti әks etdirәn nәbati motivlәr vә memarlıq elementlәri ilә bәzәdilirdi.










