İKSİOLÍRİON (Ixiolirion) – nәrgizçiçәyi fәsilәsindәn çoxillik soğanaqlı ot cinsi. Əsasında pәrdәşәkilli qınları olan gövdәlәri yarpaqla örtülmüşdür. Mavidәn vә göydәn qәhvәyiyәçalan-yasәmәni vә ya bәnövşәyiyәdәk olan çiçәklәri salxımvari, bәzәn çәtirvari yaxud pәrdәşәkilli çiçәkaltlıqlı süpürgәvari çiçәk qrupunda toplanmışdır; çiçәk tacı 6 lәçәkdәn ibarәtdir. Meyvәsi qutucuqdur. Şәrqi Aralıq dәnizi ölkәlәrindәn Kaşqar dağ silsilәsinәdәk (Qәrbi Çin) yayılmış 5–6 növü var. Dekorativ bitkidir. Nәrgizçiçәyi fәsilәsinin İ. cinsi olduqca xüsusilәşdirilmişdir, bәzәn ayrıca fәsilә kimi tanınır.

Dağ iksiolirion (Ixiolirion montanum).
Azәrb.-da Ön Asiyadan Əfqanıstana qәdәr yayılmış 2 növdәn 1-i olan dağ İ.-una (İ. montanum) rast gәlinir. Əsasәn, Nax. vә Diabar regionlarında aşağı dağ qurşağının quraq, gilli-çınqıllı yamaclarında yayılmışdır. Çox vaxt alaq kimi taxıl әkinlәrindә, üzümlüklәrdә, vahә-bağlarda bitir. Bu növ, çiçәyin mavi olması, gövdә yarpaqlarının xәtvari, çiçәk qrupunun salxım tipli, soğanağın ovalşәkilli olması ilә seçilir.










