İQBAL Mәhәmmәd, Ə l l a m ә M ә h ә m m ә d İ q b a l (9.11.1877, indiki Pakistan, Sialkot – 21.4.1938, Lahor)– Britaniya Hindistanı vә Pakistanın müsәlman mütәfәkkiri, ictimai-siyasi xadim, filosof, şair. Ədәbiyyat vә tәsәvvüfә maraq atası Nur Mәhәmmәdin sayәsindә yaranmışdı. Şәxsiyyәtinin formalaşmasında ustadı Seyyid Mir Hәsәnin mühüm rolu olmuşdur. İ. Lahorda Hökumәt kollecini bitirmiş (1899), fәlsәfә müәllimi, şәrqşünas ser Tomas Arnoldun kömәyi ilә Kembric Untindә, daha sonra Heydelberq vә Münxen un-tlәrindә tәhsilini davam etdirmişdir (1905–07). Orada C.E.Mak-Taqqartın fәlsәfә dәrslәrindә iştirak etmiş, şәrqşünaslar E.Braun vә R.Nikol son ilә tanış olmuşdur. Artıq bu vaxt Hindistanın urdudilli әhalisi arasında şair kimi tanınmış, әsasәn sufiyanә mәhәbbәt şeirlәri yazmışdır. 1907 ildә Münxendә fәlsәfә doktoru dәrәcәsini almışdır. Doktorluq dissertasiyası olan “İranda metafizikanın inkişafı” (“The development of metaphysics in Persia”, 1908) әsәri hәmin dönәmdә İ.-ın panteist nöqteyinәzәrdәn dәyәrlәndirdiyi tәsәvvüf düşüncәsinә meylini ifadә edir. 1908 ildә Lahora qayıtmış, un-tdә fәlsәfәdәn dәrs demәyә başlamış, eyni zamanda vәkil kimi fәaliyyәt göstәrmişdir.

Hәmin dönәmdә C.Ruminin yaradıcılığı ilә tanışlığı sayәsindә İ.-ın fәlsәfi fikri dolğunlaşmışdır. Avropadan qayıtdıqdan sonra tәkcә tәsәvvüfә deyil, hәm dә Platon vә onun ardıcıllarına qarşı kәskin tәnqidi mövqe tutsa da, Rumi barәdә görüşlәri daim sabit qalmışdır. İctimai mübarizә illәrindә nisbәtәn mötәdil mövqeyә keçәrәk, tәsәvvüfü dini geriliyә qarşı reaksiya vә istibdad әleyhinә etiraz kimi qiymәtlәndirmiş, rasionalizmin tәnqidindә irfan nöqteyi-nәzәrini dәstәklәmişdir. Lakin ümumilikdә ömrünün sonunadәk sufi dünyagörüşünә mәnfi münasibәti dәyişmәmişdir.
İ.-ın ictimai-siyasi görüşlәrindә baş verәn ciddi dәyişikliklәr sırasında әvvәllәr xeyli dәrәcәdә bәhrәlәndiyi Seyyid Əhmәd xan vә ardıcıllarının ifrat rasionalizmi vә modernizminә qarşı çıxması, Qәrbin ictimai vә әxlaqi dәyәrlәrinin tәqlidini müsәlman cәmiyyәti üçün qeyri-mәqbul sayması qeyd olunmalıdır; eyni zamanda o, hind vәtәnpәrvәrliyini ümmәtçilik anlayışı ilә әvәzlәmiş, C.Əfqaninin başlatdığı vahid islam xilafәti nәzәriyyәsini dәstәklәmiş, hәtta vәtәnpәrvәrliyә dair gәnclik şeirlәrini toplularından çıxarmışdır. Yaradıcılığında lirizmi dini-fәlsәfi motivlәr әvәz etmişdir. İ.-ın “mәnlik” fәlsәfәsinin köklәri “Şikvә” (“Şikayәt”, 1911) vә “Cavabişikvә” (“Şikayәtin cavabı”, 1912) mәnzumәlәrindә әksini tapmış, ictimai-fәlsәfi dünyagörüşünün mehvәrini tәşkil edәn “özlük” (mәnlik) vә “özsüzlük” anlayışları ilk dәfә geniş şәkildә farsca “Əsrari-xodi” (“Özlüyün sirlәri”, 1915) vә “Rümuzi-bixodi” (“Özsüzlük rәmzlәri”, 1918) mәnzumәlәrindә şәrh olunmuşdur. “Əsrari-Xodi”nin R.Nikol sonun tәrcümәsi ilә Londonda nәşri (“The Secrets of the Self”, 1920) İ.-ı Avropada mәşhurlaşdırmışdır. 1922 ildә Britaniya kralı vә Hindistan imperatou V Georq ona “ser” titulu vermiş, lakin İ. bu tituldan istifadә etmәmişdir. 1923 ildә Götenin “Şәrq-Qәrb divanı”na cavab olaraq yazdığı farsca “Pәyami-Mәşriq” (“Şәrqin mesajı”) mәnzumәsi forma-materiya, Şәrq-Qәrb qarşılaşdırmaları fonunda Şәrq mәnәviyyatının maddiyyatçı Qәrbә verdiyi mesaj idi. Quruluşca meracnamәlәrdәn vә Dantenin “İlahi komediyası”ndan tәsirlәnәn farsca “Cavidannamә” (1927) mәnzumәsi mәnәviyyat yolçusunun ruhi dünyada dahi şәxslәrlә görüşlәri fonunda müәllifin tarixi vә fәlsәfi problemlәrә yanaşmasının ifadәsidir.
İ. 1926–29 illәrdә Pәncab Qanunverici Assambleyasının üzvü olmuşdur. 1928–29 illәrdә Mәdras (indiki Çennai), Heydәrabad vә Aliqarh un-tlәrindә islamda islahatlar mövzusunda mühazirәlәr demişdir (“İslamda dini düşüncәnin tәkrar qurulması” – “The reconstruction of religious thought in Islam”, Lahor, 1930). Dünyanın real mәnzәrәsi ilә dәrindәn tanış olan İ. tәdricәn vahid islam ümmәtçiliyi ideyasının absurdluğunu vә Hindistan müsәlmanlarının öz torpaqlarında müstәqilliyini önә çәkmişdir. Müsәlman liqasının 1930 ilin dekabrında Allahabadda keçirilmiş sessiyasına başçılıq etmiş, sessiyanın açılışında ilk dәfә olaraq Hindistan federasiyası tәrkibindә müstәqil müsәlman әyalәtinin yaradılması şüarı ilә çıxış etmişdir (buna görә İ. sonralar “Pakistanın mәnәvi atası” elan olunmuşdur). Bu ideya onun yaradıcılıqda yenidәn urdu dilinә dönmәsindә dә әksini tapmışdır (“Bali-Cәbrәil”, 1935; “Zәrbi-Kәlim”, 1937). İ. 1931–32 illәrdә Londonda Hindistan mәsәlәlәri üzrә “Dәyirmi masa” konfranslarında iştirak etmişdir. Oradan qayıdarkәn Parisdә A.Berqson vә L.Massinyon, İtaliyada B.Mussolini ilә görüşmüşdür. 1933 ildә Əfqanıstanın mәdәniyyәt vә tәhsil mәsәlәlәri üzrә müşavirәlәrdә iştirak üçün ora dәvәt edilmişdir.
İ. Pakistanda rәsmәn “milli şair” elan olunmuşdur. Lahorda mәzarı üzәrindә mәqbәrә inşa edilmişdir. 9 noyabr Pakistanda “İqbal günü” kimi qeyd edilir.
Görüşlәri. Hәm yaşantı, hәm nәzәriyyә, hәm dә praktika olaraq dinin rolunu elm vә fәlsәfәdәn önә çәkәn İ. göstәrir ki, din yalnız bu üç cәhәtin vәhdәtindә götürüldük dә düzgün anlaşıla bilәr. Mәs., mötәzililәr vә filosoflar nәzәriyyәni, sufilәr yaşantını, fәqihlәr isә praktikanı önә çıxarmaqla sәhv etmişlәr. Bu baxımdan M.Qәzzali ilә İ.Kantı qarşılaşdıran İ. göstәrir ki, Qәzzali analitik düşüncәdәn imtina edәrәk mistik tәcrübәni әsas götürmәklә, Kant isә inanca yer vermәk üçün biliyi inkar etmәklә xәtaya yol vermişlәr.
İ.-da mәnlik şüuru birbaşa ilahiyyat ilә bağlıdır. İ.-ın fәlsәfәsindә fәrdiyyәti mütlәq hәqiqәt, mütlәq substansiya vә mütlәq “Mәn” kimi tәsәvvür olunan Allah, Quran tәbirincә (7:54), hәm yaradılış (“xәlq”), hәm dә idarәçiliyin (“әmr”) qaynağıdır. Bu baxımdan hәr bir insanın fәrdiyyәti mütlәq fәrdin – ilahi substansiyanın fәrdiyyәtinin tәzahürüdür. İslamın tәmәl şәrtlәrindәn olan Allahın әxlaqı ilә әxlaqlanmaq substansiya kimi fәrdilәşmәk vә ilahi adların mükәmmәl tәzahürü olmaqdır. Bu, tәsәvvüfün fәna vә bәqa nәzәriyyәsindәn fәrqli olaraq yoxolma vә öz mәnliyini Allahda әritmә deyil, öz fәrdi mahiyyәtini kәşf edib güclәndirәrәk Allahın fәrdiyyәtinә daha çox yaxınlaşmaqdır. Deyilәnlәr 3 mәrhәlәdә gerçәklәşir: ilahi qanunlara tam itaәt, nәfsә nәzarәt vә ilahi canişinliyi әldә etmә (niyabәt). “Öz” tәkamül yolunda özünü özündә, özünü digәrlәrindә vә sonda özünü Allahda seyr edir.
İ.-ın tәqdim etdiyi ictimai-siyasi nizamın tәmәlini iki anlayış – monoteizm vә peyğәmbәrlik tәşkil edir. Dinin gücü vәhdәtdir, vәhdәt görünәn şәklә düşdükdә millәt olur. İslamın ictimai nizam nümunәsi peyğәmbәrlik şüurunun siyasәtә tәtbiqi ilә gerçәklәşә bilәr. İ. islamdankәnar siyasәti qәbul etmir. Kapitalizmә nisbәtәn sosializm dә bәzi hәqiqәtlәrin olduğunu bildirsә dә, nәticә etibarilә hәr ikisinin insanları aldatdığını göstәrir.
İ. “son 5 әsrdә hәrәkәtsiz qalmış” dini düşüncәnin yenidәn qurulması istiqamәtindә klassik kәlam vә fәlsәfәnin Quranla uzlaşmayan tәrәflәrini tәhlil etmiş, vәhyin tәcrübi vә rasional dәrkini ön plana çıxarmışdır. Şәriәtin hazırki tәlәbata cavab verәcәk şәkildә tәkrar şәrhini vә ictihad fәaliyyәtinin yenilәnmәsini zәruri saymışdır.










