İQBOLAR, i b o l a r, o n y e i q b o l a r, n d i i q b o l a r – Nigeriyanın c.-unda xalq. Enuqu, Ebonyi, Anambra, İmo, Abiya, Akva -İbom ştatları әhalisinin böyük hissәsini tәşkil edirlәr; İ-ın qrupları hәmçinin Delta ştatının şm.-ş.-indә vә Rivers (Bonni a.) ştatının c.-ş.-indә yaşayırlar. Sayları 17,7 mln. nәfәrdir (2007). Şimali İ.-a, yaxud oniçalara (abacalar, eluqular, nri aukalar), cәnubi İ.-a vә ya overrilәrә (ikverrilәr, isomalar, orattalar), qәrbi İ.-a (ikalar, oqbalar, ekpeyelәr, eqbemalar), şәrqi İ.-a (arolar, adalar, afikpolar), şimal-şәrqi İ.-a (oqoukular, izilәr, ikvo-mqbolar) bölünürlәr. Hәmçinin Kamerunda (70 min nәfәr), Qanada (45 min nәfәr), Ekvatorial Qvineyada (20 min nәfәr), Qambiyada (4,4 min nәfәr), ABŞ, Kanada vә B.Britaniyada yaşayırlar. İqbo dilindә danışırlar. Müstәmlәkә yәqәdәrki dövrdәn nsibidi piktoqrafik yazı sistemi mövcuddur. Dindarları, әsasәn, xristiandır, bir qismi әnәnәvi inanclarını saxlayır, müstәmlәkәyәqәdәrki dövrdәn kiçik yәhudi icması var.
İ.-ın mәnşәyi haqqında müxtәlif fәrziyyәlәr mövcuddur. İqbo-Ukvu arxeoloji mәdәniyyәtini, ehtimal ki, onların әcdadları yaratmışlar. Rәvayәtlәr İ.-ın yorubalar, ibibiolar, iqalalar, binilәr vә b. ilә әlaqәlәrini tәsdiqlәyir. Avropalılarla (portuqallarla) tәmaslar 1437 ildәn başlamışdır. 19 әsrin әvvәllәrinәdәk qul alverinin әn mühüm mәrkәzi olan Nigerin aşağı axarlarında aroların Aroçukvu icma birliyi meydana gәldi. Britaniya müstәmlәkәçilәrinin Nigerin deltasına gәlmәlәri iqtisadi tәnәzzülә sәbәb oldu vә İ.-ın müxtәlif qruplarının müqavimәtinә [1883–1914 illәrdә qәrbi İ.-da ekumeku mәsihçi hәrәkatı, arolarla müharibә (1901–02)] gәtirib çıxardı. Nigeriyada vәtәndaş müharibәsi (1967–70) zamanı öz müstәqilliyini elan etmiş Biafra dövlәtinin etnik özülünü İ. tәşkil edirdilәr. Separatçı hәrәkatın yatırılması ağır demoqrafik vә sosial-iqtisadi nәticәlәrә, İ.-a qarşı ayrı-seçkiliyә vә onların mühacirәtinә sәbәb oldu. Diasporda İ.-ın etnik tәşkilatları mövcuddur. 1980-ci illәrdәn Nigerin deltasındakı yataqlardan neft çıxarılması ilә әlaqәdar Nigeriyada İ.-ın iqtisadi vә siyasi vәziyyәti bәrpa olunmağa başladı.
Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Afrikanın Qvineya yarımvilayәti üçün sәciyyәvidir. Əsas mәşğuliyyәtlәri toxa әkinçiliyidir (yams, maniok, qarğıdalı, Oniça vә Overri rayonlarında çәltik; cәnubda әsas bitki yağ palmasıdır). Hәmçinin balıqçılıqla mәşğul olur, çörәkağacı vә digәr yabanı bitkilәrin meyvәlәrini yığırlar. Heyvandarlıq sese milçәyinin yayılması sәbәbindәn zәif inkişaf etmişdir; qaramal çox qiymәtlidir vә, әsasәn, ayini әhәmiyyәt daşıyır. Dәmirçilik (nri aukalarda bu sәnәtlә kişilәrin әksәriyyәti mәşğul olur), dulusçuluq, toxuculuq, hörmә, ağac üzәrindә oyma әsas sәnәt sahәlәridir. Ticarәt, palma yağının vә oduncağın ixracı inkişaf etmişdir; mövsümçülük yayılmışdır. İ. Nigeriyanın iqtisadi vә siyasi elitasında mühüm yer tuturlar, onların arasında siyasi vә dini liderlәr, mәmurlar, elm xadimlәri, ziyalılar vә s. var.

İqboların mәrasimi maskası. 20 әsrin
әvvәllәri. İndianopolis İncәsәnәt
Muzeyi (ABŞ).
Liniclәrdәn (oxa) ibarәt qәbilәlәr (umunna) mövcuddur; qohumluq xәtti patrilateraldır. Poliginiya, sororat, levirat, gәlinә görә ödәmә, ev kölәliyi yayılmışdır. Şimal, şәrq vә cәnub İ.-ında kişi vә qadın yaş qruplarına daxil olarkәn inisiasiyalar hәyata keçirilir. Gizli cәmiyyәtlәr mühüm әhәmiyyәt kәsb edir. Yaşayış mәskәnlәri dağınıq planlıdır, böyük ailәli icmalardan ibarәtdir, tәqr. 8 minәdәk sakini olur. Evlәri düzbucaqlı, kvadratşәkilli vә ya dairәvidir, karkası gillә suvanmış şüvüllәrdәndir, şm.-da evlәr möhrәdәn tikilir; bәzi yerlәrdә xarici divarları çini qırıqları, balıqqulağı vә s.-dәn düzәldilmiş mozaika ilә bәzәdilir. Qәrbi İ.-da kәndlәr yuxarı vә aşağı (yaxud böyük vә kiçik) hissәlәrә bölünür. Bir neçә kәnd ittifaqda birlәşir. Bәzi әrazilәrdә başçıları olan icma birliklәri (Oniça ş.-ndә –obi, Nri vә Aroçukuda – eze) mövcuddur. İkalar vә bәzi digәr qәrbi İ. Qәdim Beninin tәrkibinә daxil idilәr. Əcdadların (ndiçiye), suyun, xeyir vә şәr ruhlarının (alusi), şәxsi himayәçi ruhların (çi), yaradıcı ali ruh Çukunun (onun uşaqları – günәş ruhları Anyaxu, Anyamvu), mәhsuldarlıq ruhunun (Acoku), şimşәk ruhunun (Amadioxa), tәbilin (İkoro), qadınların ailә himayәçisinin (Eku) kultları yayılmışdır. Kahinlәr, öncәgörәnlәr, yağışı çağıranlar, cadugәrlәr, arahә kimlәri mövcuddur. Keçmişdә adlı-sanlı adamların dәfni insan qurbanvermәsi ilә müşayiәt olunurdu.
Ağacdan düzәldilmiş heykәllәr (ikenqa) – hakimiyyәt rәmzlәri vә buynuzları ilә kişi fiquru sәciyyәvidir; sahibinin ölümündәn sonra onlar mәhv edilirdi. Divarları ornamental rәsmlәrlә vә tanrıların gil heykәllәri ilә bәzәdilmiş mәbәdlәr möhrәdәn tikilirdi. Dördgünlük “bazar” hәftәsi olan әnәnәvi tәqvimdәn istifadә olunur, yams mәhsulu bayramı qeyd olunur. Şifahi xalq yaradıcılığı zәngindir. Ənәnәvi musiqi üslubu ikorododur (bir neçә musiqi alәtinin müşayiәti ilә oxuma).










