“İQDAM” – İstanbulda nәşr olunmuş gündәlik ictimai-siyasi, iqtisadi vә әdәbi qәzet. İlk nömrәsi 1894 il iyulun 5-dә, sonuncusu 1928 il dekabrın 31-dә çıxmışdır (cәmi 12157 nömrә). Sahibi vә baş redaktoru Əhmәd Cövdәt (Oran) idi. Türkiyәdә rotativ basma üsulu ilә nәşr olunmuş ilk qәzetdir. “İ.”-ın әsas qayәsi türk dilinin sadәlәşdirilmәsi vә türkçülük idi. “İttihad vә tәrәqqi” partiyasının hakimiyyәti dövründә “İ.”müxalifәt mövqeyinә keçdiyindәn Ə.Cövdәt Avropaya sığınmağa mәcbur olmuş, mәtbu fәaliyyәtini qәzet üçün mәqalәlәr göndәrmәklә davam etdirmişdir. “İ.” sonradan “Yeni İqdam” (1910 il martın 14-dәn, 607 nömrә), “İqtiham” (1912 il fevralın 26-dan, 166 nömrә) vә yenidәn “İ.” (1912 il avqustun 10-dan) adları ilә nәşr olunmuşdur. Qәzetin paytaxtda 15 nәfәrdәn ibarәt müxbir heyәti, hәmçinin xarici müxbirlәri dә vardı. Türkiyәdә istiqlal mübarizәsi dövründә Ankaraya müxbir göndәrәn ilk qәzet idi. Əli Kamal (1912), Yaqub Qәdri (1919), Mәcdi Sәdrәddin (1923) vә Əli Naci (1926) “İ.”-ın baş redaktoru olmuş, Abdullah Zühdü, Mustafa Rәşid, Hüseyn Daniş, Əhmәd Rasim, Şәmsәd din Sami, Əhmәd Rәfiq, Nәcib Asım, Hәmdullah Sübhi (Tanrıövәr), Babanzadә İsmayıl Haqqı vә b. әmәkdaşlıq etmişlәr. Ə.Cövdәt 18 cilddәn ibarәt “İqdam kitabxanası” adı ilә silsilә kitablar da nәşr etmişdir. Onun ölümündәn (1935) sonra Əli Naci Karacan “İqdam xalq qәzeti” (12 yanvar – 13 avqust 1939, 210 nömrә), Vәlid Əbüzziya “İqdam sabah postası” (14 avqust – 31 dekabr 1939, 139 nömrә), Ədhәm İzzәt Benice “İqdam gecә postası” (24 may 1961 ilәdәk) adlı qәzetlәr nәşr etmişlәr. 2-ci Mәşrutiyyәtin elanı әrәfәsindә “İ.” vә “Sabah” qәzetlәrinin nәşriyyatına gәlәn senzura mәmurlarının qovulduğu gün (24.7.1908) Türkiyәdә jurnalistlәr günü kimi qeyd olunur.










