FÚRÇQOTT (Furсhgott) Robert Frensis (4.6.1916, Cәnubi Karolina ştatı, Çarlston – 19.5.2009, Vaşinqton ştatı, Sietl) – Amerika biokimyaçısı. Nobel mükafatı laureatı (1998, L.İqnarro vә F.Muradla birlikdә). Çapel Hilldәki Şimali Karolina Un-tini bitirmiş (1937), İllinoys ştatındakı Şimal-Qәrb Un-tindә doktorluq dәrәcәsi almışdır (1940). 1949–56 illәrdә Vaşinqton Un-tinin Tibb mәktәbindә (Sent-Luis) işlәmiş, 1956–88 illәrdә Nyu-York Dövlәt Un-tinin prof.-u (sonralar fәxri prof.) olmuşdur. 1978 ildә qan damarları relaksasiyasının endotelial amilini kәşf etmişdir. L.İqnarro ilә birlikdә bu amilin aktiv başlanğıcının azot-monooksid (NO) olması fәrziyyәsini irәli sürmüşdür (1986).











