BUKÓLİKA, bukolik poeziya (yun. bukolikós – çoban) – ellin və Roma dövrünün (e.ə.3 əsr – eramızın 5 əsri ) çoban məişətini əks etdirən antik poeziya janrı. Bədii əsasını siciliyalı yarımmifik çoban Dafnis, onun məhəbbəti və ölümü haqqında mahnılar təşkil etmişdir. Yunan B.-sının yaradıcısı və klassiki Feokrit, Roma B.- sının banisi Vergili hesab olunur. Kiçikhəcmli, təhkiyə və ya dialoq formasında, hekzametrdə yazılan şeirlərdə təbiət gözəllikləri, kənd həyatının füsunkarlığı, çobanların sadə məişəti təsvir edilir. Bukolik şeirlər fərq qoymadan idilliya ( hərfi mənada – lövhə), yaxud eqloqa (hərfi mənada – seçmə) adlanırdı; sonralar şərti olaraq hesab edilirdi ki, idilliya daha çox hiss, eqloqa isə fəaliyyət tələb edir. Yeni Avropa ədəbiyyatında 12–13 əsrlər folkloru ilə qovuşan B. 14–18 əsrlər pastoralının müxtəlif formalarını meydana gətirdi. Lonqun mənsur “Dafnis və Xloya” romanı da bukolik poeziyaya aid edilir.Яд.: Г рабарь-Пасс ек М.Е. Буколическая поэзия эллинистической эпохи// Феокрит. Мосх. Бион. Идиллии и эпиграммы. М., 1958; Halperin D.W. Before pastoral: Theocritus and ancient tradition of bucolic poetry. New Haven, 1983.